Xronoloji Fəaliyyətlərimiz

9 Noyabr 2020


Azərbaycan Respublikasının Koreyadakı Səfirliyinin və Koreya Mədəniyyət Assosiasiyasının dəstəyi ilə BUTA AKDA-nın üzvləri “Bayraq Günü” münasibətilə şanlı Azərbaycan bayrağını Koreyanın ən hündür binasında(Lotte World Tower) dalğalandırdı.

28 Oktyabr 2020


BUTA AKDA-nın üzvləri erməni vandalizminə və işğalına etiraz olaraq Koreyanın müxtəlif yerlərində plakatlarla etiraz aksiyası keçirmişdir.

3 Oktyabr 2020


Koreya Respublikasının hökumət nümayəndələrinin işğalçı Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz öz hərbi qüvvələrini çıxarmasını tələb etməsini və Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini  təmin etmək üçün Koreyada yaşayan Azərbaycanlılar adından BUTA AKDA, Koreya Respublikası Prezident Administrasiyasının rəsmi internet səhifəsində petisiya başlatmışdır.

22 Fevral 2020


Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar BUTA AKDA tərəfindən, Koreyada yaşayan Azərbaycanlılar adından Koreya Parlamentinin Azərbaycan-Koreya Dostluq qrupunun sədri Mr. Lee Myoung-su başda olmaqla bütün üzvlərinə müraciət göndərilmiş, Xocalı soyqrımı ilə bağlı həqiqətlərin Koreya cəmiyyətinə çatdırılmasını təmin etmək üçün Koreya Parlamentinin və Koreya prezidenti administrasiyasının rəsmi internet səhifəsində petisiya yaradılmışdır.

16 Yanvar 2020


BUTA AKDA-nın bir qrup fəallarının təşəbbüsü ilə təhsilə dəstək məqsədi ilə Daşkəsən rayonu Mikayıl Mustafayev adına Bayan kənd orta məktəbində təhsil alan 33 şagirdin qış aylarında isti geyimə olan tələbatını ödəmək üçün onlara qış gödəkçələri və ayaqqabıları hədiyyə olunmuş, Koreyada yaşayan həmvətənlərimizin səmimi məktubları çatdırılmışdır.

 

23 Noyabr 2019


BUTA AKDA-nın təşkilatçılığı ilə Koreyada yaşayan azərbaycanlılar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və müxtəlif mövzularda məlumat mübadiləsinin aparılması məqsədi ilə “Məlumat mübadiləsi” adlı tədbir keçirilmişdir.

5 Oktyabr 2019: 


Cənubi Koreyada yaşayan xarici ölkə vətəndaşları arasında keçirilən Seul Beynəlxalq İdman festivalında BUTA AKDA iki idman növü üzrə ölkəmizi təmsil edib. Gənclərimizin 05 oktyabr tarixində müxtəlif ölkələri təmsil edən 16 komandanın iştirak etdiyi futbol yarışlarına start verilib.  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə BUTA AKDA futbol komandası ölkəmizi bu yarışda təmsil edib. İlk oyunda “Dasom” komandası ilə qarşılaşan komandamız 9-1 hesabı ilə inamlı qələbə qazanaraq ¼ final mərhələsinə vəsiqə qazanıb. Stolüstü tennis yarışlarında isə ölkəmizi Xalid Hüseynov təmsil edib. İlk görüşdə İndoneziyalı idmançıya qalib gələn həmyerlimiz növbəti mərhələyə yüksəlib.

4 Oktyabr 2019: 


Koreyanın Seul şəhərində 100-cü Milli İdman Festivalının açılış mərasimi keçirilmişdir. 4~10 Oktyabr tarixləri arasında baş tutmuş İdman festivalında 17 müxtəlif şəhər və regionu təmsil edən 30000-dən çox idmançı iştirak edib. Festivalda həmçinin Koreyada yaşayan xarici vətəndaşlar da iştirak edib. Koreyanın ən böyük idman festivalının açılış mərasimində Cənubi Koreya Respublikasının Prezidenti Moon Jae-In də iştirak etmişdir. Həmçinin açılış mərasimində yarış iştirakçılarının paradı keçirilmişdir. Təntənəli paradda BUTA AKDA-nın sədri Mikayıllı Nazim, hal-hazırda Koreyada təhsil alan Ağanemət Daşqınlı və İsa Qafarlı iştirak edərək ölkəmizi təmsil etmişlər.

31 Avqust ~ 1 Sentyabr 2019: 


BUTA AKDA hər il ənənəvi olaraq Seul şəhərində keçirilən “Seul Dostluq Festivalı-2019”da iştirak edib. Soydaşlarımızın festivalda iştirakı Azərbaycanın Koreyadakı Səfirliyinin dəstəyi və “Grante” nar şirələrinin bu ölkədəki rəsmi distribütoru olan “BUTA International” şirkətinin sponsorluğu ilə baş tutub. Dünyanın 60-dan çox ölkəsinin qatıldığı festivalda müxtəlif xalqların milli mədəniyyət, incəsənət və mətbəx nümunələri nümayiş olunub. Yerli sakinlərlə yanaşı, tədbirdə iştirak edən turistlər tərəfindən də böyük maraqla qarşılanan Azərbaycan köşkündə xalqımıza məxsus olan təamlar və şirniyyat nümunələri qonaqlara təqdim olunub, onların çoxsaylı sualları cavablandırılıb və ölkəmiz haqqında ətraflı məlumat verilib. Azərbaycan mətbəxilə ilk dəfə tanış olduqlarını söyləyən koreyalılar təamlarımızı çox bəyəndiklərini bildiriblər.

10 Fevral 2019


Xocalı Soyqrımının 27-ci il dönümü ilə əlaqədar BUTA AKDA Koreyanın HOBY təşkilatı ilə birlikdə Xocalı Soyqrımının Koreya cəmiyyətinə çatdırılması məqsədi ilə “Gwanghwamun(광화문)” meydanında flaşmob keçirmişdir.

10 Aprel 2016


Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar Koreya Respublikasinda yaşayan azərbaycanlılar, o cümlədən BUTA AKDA-nın üzvləri paytaxt Seul şəhərində dinc etiraz aksiyası keçirmişlər. Aksiyanın əsas məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eləcə də, Azərbaycanla təmas xəttində Ermənistan işğalçı qüvvələrinin təxribatçı cəhdləri və dinc əhalinin qətlə yetirməsi ilə əlaqədar baş vermiş hadisələrə Koreya ictimaiyyətinin diqqətini yönəltmək olmuşdur. Seul şəhərinin mərkəzi rayonu olan Yeouido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziyalı və koreyalı tələbə iştirak etmişdir. Tədbirdə “Ermənistan təcavüzkar ölkədir”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi şüarlar səsləndirilmişdir.

20 Fevral 2016


Xocalı soqyqırımının ildönümü ilə əlaqədar olaraq BUTA AKDA-nın təşkilatçılığı ilə Seul şəhərinin Yeouido ərazisində velosiped marafonu keçirilmişdir.

20 Dekabr 2015


BUTA AKDA-nın təşkilatçılığı ilə Seul şəhərinin mərkəzi küçələrindən birində “Land of Fire – Azerbaijan” adlı foto sərgi keçirilmişdir.

22-24 Avqust 2015


HUFS(Koreya Dillər Universiteti)nin dəstəyi və BUTA AKDA-nın təşkilatçılığı ilə 22-24 avqust tarixlərində Koreya Respublikasının Qyonqcu şəhərində təşkil edilən “Qyonqcu İpək Yolu Festivalı-2015” çərçivəsində azərbaycanlı tələbələr fəal iştirak etmiş, ölkəmizi layiqincə təmsil etmişlər. Azərbaycan üçün ayrılan köşkdə milli geyim nümunələrimiz, ölkəmizin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən suvenirlər, kitablar nümayiş etdirilmişdir. Qeyd edək ki, tədbir proqramına uyğun olaraq iki gün ərzində azərbaycanlı tələbələr tərəfindən ifa edilmiş Azərbaycanın milli “Nəlbəki” rəqsi yerli sakinlərin böyük marağına səbəb olmuşdur.

24 Fevral 2015


“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində BUTA AKDA tərəfindən Seul şəhərində aksiya keçirilmişdir.

30 Avqust 2014


Koreyanın Decon şəhərində təhsil alan Azərbaycanlı tələbələr Xalid Hüseynov, Şəlalə İsmayılova ve Cəlil Abdullayev ‘Global friends “KOICA”‘ tədbirində Azərbaycanı təmsil etmişlər.

10 Fevral 2014


“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə BUTA AKDA tərəfindən Xocalı soyqırımı haqqında Koreya dilində “Khojaly Genocide” adlı internet və facebook səhifəsi istifadəyə verilmişdir (www.khojaly.or.krwww.facebook.com/KhojalyKR). Saytda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı, dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyətin soyqırımı tanınması, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət!” kampaniyası (“Justice for Khojaly” Campaign) haqqında məlumatlar, video və foto şəkillər yer almışdır. Məlumat Azərbaycan mediasında geniş işıqlanıdırılmışdır.

18 Noyabr 2013


BUTA AKDA Koreyanın Soqanq Universitetinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Soqanq Universitetində ‘Azərbaycan Günü’ adlı açıq sərgi və təqdimat mərasimi keçirmişdir. Sərgi zamanı Azərbaycanın milli musiqi alətləri, incəsənət nümunələri, milli mədəni və tarixi irsi nümayiş etdirilmişdir. Həmçinin təqdimat zamanı Azərbaycanın son zamanlar iqtisadiyyat, idman, incəsənət və turizm sahələrində əldə etdiyi nailiyyətlər barəsində məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, onlara bukletlər və məlumat kitabçaları paylanılmışdır.

4 Avqust 2013


BUTA AKDA KİSA (Korea İnternational Student Association) ilə əməkdaşlığı çərçivəsində Koreyada təhsil alan 13 Azərbaycanlı tələbə KİSA-nın təşkil etdiyi Namu adasına birgə səyahətə qatılmışdır.

27 Sentyabr 2013


BUTA AKDA “Xoca” filmini Koreya Respublikasının ictimaiyyətinə təqdim etmişdir. https://azertag.az/xeber/BUTA_Azerbaycan_Koreya_telebe_teskilati_Xoca_filmini_Koreya_Respublikasinin_ictimaiyyetine_teqdim_etmisdir-187748

16 Sentyabr 2012


Azərbaycanlı gənclər 16 Sentyabr 2012-ci il tarixdə Seulun Olimpik stadionunda keçirilmiş “World Peace Initiative” adlı beynəlxalq festivalda iştirak etmişlər. Festivalın məqsədi müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan insanları bir araya toplamaq və bütün dünyada sülhə nail olmaq idi. Festivalda 100 mindən artıq insan iştirak etmişdir. Festivalın əsas hadisəsi “Ginnes rekordu”nun yenilənməsi olmuşdur. Belə ki, festivalın keçirildiyi Olimpik stadionunda eyni anda 100 min çıraq işıqlandırılmışdır. Bununla müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən insanlar “Dünyaya sülh” mesajı vermişdirlər.

24 Oktyabr 2011


Azərbaycanın Koreyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə BUTA AKDA tərəfindən Koreya Xarici Dillər Universitetində 18 oktyabr – Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi tədbir təşkil edilmişdir.

15 Oktyabr 2011


BUTA AKDA-nın üzvləri Mannam Koreya Təşkilatının 15 Oktyabr 2011-ci ildə təşkil etdiyi “Encounter Korea” adlı Beynəlxalq Tədbirdə iştirak etmişlər.

8 Aprel 2011


Decon şəhərində Koreya Elm və Texnologiyalar üzrə Ali İnstitutunda (KAİST) təşkil edilən “Novruz” adlı tədbirdə orada təhsil Azərbaycanlı tələbələr də iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişlər. Tədbir, KAİST-də təhsil alan Qazaxstan, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanlı tələbələrin birgə yaratdığı KUAT tələbə təşkilatı tərəfindən təşkil edilmişdir. Həmçinin tədbirin keçirilməsi üçün BUTA AKDA və Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən lazımi dəstək göstərilmişdir. Tədbir iki hissədən ibarət olmuşdur. Birinci hissədə tədbirdə iştirak edən ölkələrin nümayəndələri öz ölkələrinin milli musiqilərini və mədəniyyətlərini nümayiş etdirmişlər. Tədbirin ikinci hissəsində isə hər bir ölkənin milli mətbəxindən nümunələr qonaqlara təqdim edilmişdir. Qeyd edək ki, KAİST universiteti dünyanın qabaqcıl yüz universiteti siyahısına daxildir və 2011-ci ildə həmin universitetdə 26 azərbaycanlı tələbə təhsil almışdır.

28 Fevral 2011


Kyung Hee Universitetində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımın 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Koreyalıların və digər ölkə nümayəndələrinin iştirak etdiyi tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil olunmuş, faciənin tanınması üçün imzatoplama kampaniyası həyəta keçirilmiş, iştirakçılara faciə haqqında kitabçalar paylanmışdır.

14 Dekabr 2010


3 Sentyabr 2010-cu ildən başlayan və BUTA AKDA futbol komandasının da iştirak etdiyi, Seulda keçirilən ənənəvi futbol çempionatı 14 Dekabr tarixdə başa çatmışdır. Çempionatın bu dəfəki qalibi OUTKASTS komandası olmuşdur. Amma bununla belə çempionat BUTA AKDA Futbol komandası üçün yaddaqalan olmuşdur. Komandanın üzvü Mikayıllı Nazim çempionatın ən yaxşı oyunçusu adına layiq görülmüşdür. Mikayıllı Nazim komandanın keçirdiyi oyunlarda vurduğu 10 qolla digər rəqiblərini geridə qoymuş və turnirin ən yaxşı oyunçusu olaraq kubokla təltif olunmuşdur.

4 Dekabr 2010


1 oktyabr 2010-cu il tarixdə başlanan BUTA AKDA-nın da qatıldığı Milli İnternet Mükafatı uğrunda müsabiqəyə 04 dekabrda yekun vurulmuşdur. BUTA AKDA-nın əvvəlki rəsmi internet səhifəsi (www.buta.kr) ictimai-sosial saytlar noniminasiyası üzrə 2-ci yerə layiq görülmüş və müsabiqənin diplomu ilə təltif olunmuşdur. Milli Net-Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

19 Noyabr 2010


Koreya Xarici Dillər Universitətində “Türk və Azərbaycan dilləri fakültəsi”nin təşkilatçılığı ilə tələbə və məzunlar üçün “Homecoming Day ‘’ mədəniyyət tədbiri keçirilmişdir. BUTA AKDA-nın nəznində Koreya Xarici Dillər Universitetində fəaliyyət göstərən Mədəniyyət Dərnəyinin koreyalı tələbələri Azərbaycanın “Naz eləmə” milli rəqsi ilə tədbirdə uğurla çıxış etmişlər.

19 Noyabr 2010


BUTA AKDA azərbaycanlı tələbələrin təhsil aldığı Koreya universitetlərində “Odlar Yurdu” adlı Azərbaycanla bağlı silsilə prezentasiyalar keçirmişdir. Bu sıradan ilk tədbir 19 Noyabr 2010-cu il tarixdə Kyungpook Dövlət Universitetində təşkil olunmuşdur. Təşkilatın üzvləri tədbirdə iştirak edən tələbə, müəllim heyətinə ölkəmizin qədim və müasir tarixi, incəsənəti, iqtisadiyyatı, milli sərvətləri, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermişdir. İştirakçılara Azərbaycanla bağlı video çarxlar göstərilmiş və BUTA AKDA-nın əyani vəsaitlər fondundan ayrılmış ölkəmiz haqqında ingilis və koreya dillərində müxtəlif jurnal, kitabca, broşurlar paylanılmışdır. BUTA AKDA “Odlar Yurdu” sislsilə prezentasiyaları keçirməkdə əsas məqsəd ölkəmizi tanıtmaq, Koreyadakı azərbaycanlı tələbələrin ictimai fəallığını artırmaq və təşkilatın işində yaxından iştirakını təmin etməkdən ibarət olmuşdur.

13 Noyabr 2010


15-19 Noyabr 2010-ci il tarixdə YUNESKO-nun Qeyri-maddi mədəni irsi üzrə Komitəsinin 5-ci sessiyasında Ermənistanın irəli sürdüyü nominasiya sənədlərində Azərbaycanın maraqlarına zidd olan bir sıra saxta tarixi faktlar yer almışdı: Qədim Qafqaz Albaniyası dövrünə aid abidələr erməni abidələri kimi göstərilmiş, Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq qarabağın adı müstəqil dövlətlər sırasında qeyd edilmiş, saxta ‘erməni soyqırımı” iddialarından bəhs olunmuşdur. Bu saxtakarlığa etiraz olaraq BUTA AKDA adından YUNESKO-nun Baş Direktoru Irina Bokovaya məktub göndərilmişdir. Məktubda ermənistanın nominasiya sənədlərinin Beynəlxalq Hüquq normalarını pozması və YUNESKO-nun fəaliyyət prinsiplərinə zidd olması diqqətə çatdırılaraq keçiriləcək iclasda “ermənistan xaçkarları” nominasiyasına baxılmasının dayandırılmasının zəruri olduğu bildirilmişdir.

10 Oktyabr 2010


Xarici Dillər Universitetinin Türk-Azərbaycan Dilləri Fakültəsində yaradılan “BUTA Azərbaycan Mədəniyyət Dərnəyi”- də təşkilatın üzvləri Zaur Səfərov və Çinarə Ağacanova tərəfindən Koreyalı tələbələrə Azərbaycanın milli rəqsləri öyrədilmişdir. Dərnəkdə həmçinin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılanmışdır. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə “danışıq dərsləri”nin təşkil olunması da nəzərdə tutulmuşdur. Koreyadakı Azərbaycan Səfirliyi, “BUTA Azərbaycan Mədəniyyət Dərnəyinə” dəstək olaraq Azərbaycan haqqında məlumat xarakterli materiallar vermiş, rəqs dərslərində istifadə olunması üçün milli paltarlarla təmin etmişdir.

4 Sentyabr 2010


Koreyada yaşayan müxtəlif ölkə nümayəndələrinin futbol komandaları arasında mütəmadi olaraq hər il çempionat keçirilir. BUTA AKDA digər ölkə nümayəndələrinin futbol komandasının olmasını, eyni zamanda bunun yerli və xarici tələbə təşkilatları, digər ictimai qurumlarla əməkdaşlığa müsbət təsiri olacağını və ən əsası çempionatda ölkəmizi təmsil etmək imkanlarını nəzərə alaraq, azərbaycanlı tələbələrdən ibarət BUTA Azərbaycan Futbol Komandasının yaradılması təşəbbüsünü göstərmişdir. Bu təşəbbüs Azərbaycanın Cənubi Koreyadakı Səfirliyi tərəfindən yüksək qiymətləndirilmiş və Səfirlik Koreyada təhsil alan tələbələrimizdən ibarət BUTA Azərbaycan Futbol Komandasının yaradılması və çempionatda iştirak etməsi üçün zəruri olan bütün maddi-mənəvi dəstəyini əsirgəməmişdir. BUTA Azərbaycan Futbol komandasının üzərində loqosu və Azərbaycan bayrağı olan futbol formaları hazırlanmış, 04 Sentyabr 2010-cu il tarixdən etibarən turnirdə ölkəmizi təmsil etməyə başlamışdır.

11 İyun 2010


BUTA AKDA-nın ilk rəsmi internet səhifəsi hazırlanıb istifadəyə verilmişdir. Saytda təşkilata aid ümumi məlumatlar – təşkilatın yaranama tarixi, strukturu, nizamnaməsini, illik iş planını, təşkilata aid xəbərlər, tədbirlərin elanı, koreyda təhsil almaq istəyən tələbələr üçün bölmə, Koreya universitetlərinin azərbaycanlı məzunları haqqında məlumatlar, video, fotolar, mətbuatda təşkilat haqqında dərc olunan yazılar bu kimi informasiyalar yer almışdır.

8 May 2010


“Təbliğat Aksiyası” keçirildi – Şuşanın işğalının 18-ci ildönümü ilə əlaqədar olaraq BUTA AKDA “təbliğat xarakterli aksiya” keçirmişdir. Aksiyanın əsas məqsədi, İnformasiya blokadasının aradan qaldırılması və Qarabağ barədə həqiqətlərin, Erməni-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələrinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və dərc olunmuş «Qarabağ barədə həqiqət» məcmuəsinə daxil olan ingilis dilində məlumat kitabcalarını Koreyada azərbaycanlı tələbələrin təhsil aldığı universitetlərin kitabxanalarında yerləşdirilmişdir (Busan Dövlət Universiteti, Kyonbuk Dövlət Universiteti,Gyeongsang Dövlət universiteti, Sunkyunkvan Universiteti, Cheongju Universiteti, Kyung Hee Universiteti, KAİST, Soongshil Universiteti). Əyani vəsaitlərin əldə olunmasında Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi BUTA AKDA-ya köməklik göstərmişdir.