Koreya Respublikası

Koreya Respublikası Koreya yarımadasında yerləşir və Şərqi Asiya ölkəsi hesab olunur. Bəzən bu ölkəni Cənubi Koreya olaraq adlandırsalar da ölkənin rəsmi adı Koreya Respublikasıdır. Koreyanın 52 milyona yaxın əhalisi var. Paytaxtı isə Seul şəhəridir. Seuldan sonra Koreyanın ən böyük şəhərləri Busan, İnçon, Dequ və Decon şəhərləridir. Cecu adası isə Koreyanın ən böyük adası hesab olunur. Koreya Sarı dəniz, Şərq dənizi və Şərqi Çin dənizi ilə əhatə olunub. Şimali Koreya ilə quru sərhəddi var. Koreya 1910-cu ildə müstəqilliyini itirərək Yaponiya tərəfindən istila olunmuşdur. 1945-ci ildə Yaponiyanın İkinci Dünya Müharibəsində məğlub olması ilə Koreya yenidən müstəqillik qazanmışdır. Lakin çox keçmədən 1950-1953-cü illərdə baş verən Koreya müharibəsi nəticəsində Koreya yarımadasında Şimali və Cənubi Koreya olaraq adlandırdığımız iki dövlət meydana gəlmişdir. Koreya müharibəsi hər iki ölkənin iqtisadiyyatına çox ağır zərbələr vursa da koreyalıların çalışqanlığı və müəyyən qədər Amerikanın yardımı ilə bu gün Cənubi Koreya dünyada Ümumi Daxili Məhsulun həcminə görə 12-ci yerdədir.

Koreyanın Milli Bayramları

Çusok – Məhsul Bayramı Çusok Koreyada ənənəvi bayramlardan biri sayılan məhsul bayramıdır. Koreya dilində Çusok və ya Hanqavi adlanan bu bayram Ay təqviminə uyğun olaraq hər il müxtəlif vaxtlara təsadüf edir. Sonqpyeon adlanan rəngbərəng şirniyyatlar isə bayram süfrəsində vacib hesab olunan təamlardan biridir. Sonqpyon düyü unundan hazırlanır və içərisinə qırmızı lobya, noxud və şabalıd kimi müxtəlif çərəzlər əlavə olunur. Çusok zamanı ailələr bir yerə yığışır, ölülərin qəbri ziyarət edilir və onların ruhuna müxtəlif yeməklər hazırlanır. Koreyalılar adətən bu bayramı ailələri ilə birlikdə qeyd etsələr də son illər bayram tətilində başqa ölkələrə səyahət edən koreyalıların sayı artmaqdadır. Bu bayram həm də artıq payızın gəldiyini bildirir. Solnal –Koreya Yeni İli Solnal Koreyanın Yeni İli hesab olunan bayramdır və Ay təqviminə görə yanvarın 1-i qeyd olunur. Bu bayramda ailələr bir yerə yığışır, ailədəki böyüklərə və ölülərin ruhuna təzim olunur. Solnalda ənənəvi olaraq bütün evlərdə düyü unundan hazırlanmış Dokquq adlanan sup yeyilir və bu yeməyi yeməklə həmin ilin insanlara uğur gətirəcəyinə inanılır.

Koreyada dinlər

Koreyada geniş yayılmış dinlər Koreya buddizmi və xristianlıqdır. Koreyalıların mədəni irsinin yarıdan çoxu isə Buddizm və Konfutsiçilik ilə əlaqəlidir. Coson dövründə (1392-1910) əsas din hesab olunan Konfutsiçilik dindən daha çox etnik bir davranış sisteminə daha yaxındır və böyüklərə hörmət, sadiqlik, sədaqət kimi dəyərlərin vacibliyini vurğulamaqdadır. Koreyada Buddizm isə eramızın 4-5-ci əsrlərindən başlayaraq formalaşmağa başlamışdır. Hal-hazırda əhalinin 15-20%-i Buddizmə inanır. Hər il Buddanın doğum günü dövlət səviyyəsində qeyd olunur, həmin gün qeyri-rəsmi iş günü hesab olunur. Buddanın doğum tarixi 4-cü ay təqviminin 8-ci günündə qeyd olunur. Koreyanın bir çox şəhərlərində böyük festivallar keçirilir. Bunlardan ən böyüyü isə “Seoul Lantern Festival”dır. Xristianlıq isə 18-19-cu əsrin sonları yayılmağa başlamışdır. 20-ci əsrin ortalarına qədər sürətlə yayılmağa başlamışdır. Bu gün Koreya cəmiyyəti Şamanizm, Buddizm, Konfutsiçilik, Xristianlıq və İslam dininin sülh içərisində mövcud olduğu bir cəmiyyətdir.

Koreya yeməkləri

Koreya yeməkləri acılı, az duzlu və az yağlı olur. Düyü koreyalıların əsas qida növüdür. Koreyalılar yemək yeyərkən “cotqaraq” adlandırdıqları çubuqlardan istifadə edirlər. Koreyada yay fəsli çox isti və rütubətli keçdiyinə görə qədim zamanlardan bəri ilin ən isti günlərində xüsusi hazırlanmış yeməklər yeyilir. Belə isti günlər əsasən iyul, avqust aylarına təsadüf edir. Bu günləri Boqnal (복날) yəni ilin ən isti günü adlandırırlar. Çoboq(초복) ilin ilk isti günü, Cunboq (중복) ilin ikinci ən isti günü, Malboq (말복) ilin sonuncu ən isti günü hesab olunur. Bu günlərdə yeyilən yeməklər isə aşağıdakılardır. Samqyetanq (삼계탕) - bu yemek bizim toyuq supuna bənzəsə də hazırlanmasında innab və jenşen bitkisindən istifadə olunur. Konquqsu (콩국수) - soya lobyasından hazırlanan bu yemək isə Samqetangdan fərqli olaraq soyuq şəkildə yeyilir, hətta yeməyin içərisinə buz əlavə olunur. Qarpız isə koreyalıların da sevimli meyvəsi sayılır. Qarpızın faydalarından biri də şəkər xəstəliyinin qarşısını alması və qan təzyiqini tənzimləməsidir. Koreyalılar bu yeməklərin orqanizmi zərərli şeylərdən təmizlədiyinə inanırlar.

Koreya Dili

Koreyanin rəsmi dili Koreya dilidir. Koreya əlifbası “Hanqıl” adlanır və bu əlifbanın əsası 1443-cü ildə Kral Seconq tərəfindən qoyulmuşdur. Koreyalılar tarixən Hanca adlandırdıqları Çin heroqliflərindən istifadə etmişlər lakin bu heroqliflər çox mürəkkəb olduğunu üçün insanlar öyrənməkdə çətinlik çəkirdilər. Bu səbəbdən də Kral Seconq hakimiyyətə gəldikdən sonra insanların rahat istifadə edə biləcəkləri Koreya əlifbasını yaratmaq qərarına gəlmişdir. Hal-hazırda məktəblərdə uşaqlara Koreya dili ilə yanaşı 1800 ədəd Çin heroqlifləri tədris olunur. Morfoloji təsnifat baxmından Koreya dili İltisaqi (aqqlütinativ) dillər qrupuna daxildir. Koreya dilində 14 samit, 10 sait var. Koreya dili Şimali Koreyanın da rəsmi dilidir. Bundan başqa bu dil dünyanın müxtəlif ölkələrində yaşayan koreyalıların ikinci dili hesab olunur. Təbii olaraq bunun bir sıra tarixi səbəbləri var. Beləki 19-cu əsrin sonlarından Koreyada baş verən sosial-siyasi dəyişikliklər nəticəsində koreyalılar Çin, ABŞ, Yaponiya, Kanada, Avstraliya, Braziliya və Mərkəzi Asiya ölkələrinə köç etmişlər. Onlar yaşadıqları ölkənin dilini dövlət dili kimi istifadə edir eyni zamanda ailə və ya öz qruplarında koreya dilini istifadə edirlər.

http://studiokjd.com/

Koreya Milli Geyimi

Koreya milli geyimi Hanbok adlanır. 20-ci əsrin əvvəllərinə qədər Hanbok gündəlik geyim olaraq istifadə olunurdu. Həmin dövrlərdə Hanbokun daha sadə formasından istifadə olunsa da milli bayram, ad günləri, toy, yas və digər xüsusi günlərdə bəzəkli və ipəkdən hazırlanmış Hanbok geyinilirdi.

Çay mədəniyyəti

Qədim dövrlərdə Koreyada əhalinin çox hissəsi çay içməyə üstünlük verirdi. Əsasən yaşıl çay, jenşen, buğda, qarğıdalı və innab çayları içilir. Hal-hazırda isə kofe içənlərin sayı üstünlük təşkil edir. Bir koreyalı gün ərzində ortalama 3-4 fincan kofe içir.

Ənənəvi Koreya evləri

Hanok Ənənəvi Koreya evlərinə deyilir. Hanoklar qədim zamanlardan müxtəlif formalarda mövcud olsa da Coson dövründən etibarən geniş şəkildə tikilməyə başlamışdır. Bu evlərin əsas xüsusiyyəti qışda soyuğun qarşısını almaq məqsədi ilə istifadə olunan Ondol(온돌) isitmə sistemi və yayda isti və nəmin qarşısını almaq üçün istifadə olunan Maru adlanan memarlıq üslubudur.